Aqua aerobika ritmik şəkildə müxtəlif bədən və rəqs hərəkətlərindən ibarət məşqlər toplusudur. Aqua aerobikanın əsas üstünlüyü hər yaşdan və çəkidən olan insanların müraciət edə bilməsidir. Təxminən hər aerobika seansı 40 – 50 dəqiqədən ibarət olur və dərslər məşqçi ilə xüsusi bir proqramla (asandan çətinə doğru sistemləşdirilmiş şəkildə) keçirilir. Bəs aerobikanın bu növünün faydaları nələrdir?
Bədənimiz suda olduğu zaman suyun qaldırma qüvvətinə görə, orqanizm yüngülləşir və əzələlərimizə düşən ağırlıq miqdarı azalır. Məsələn, normalda 80 kiloqramlıq bir insan suda 6 kiloqram çəkidə olur. Bu da suda idman edərkən yaralanma riskini azaldır.
Su havadan daha çox sıxlığa sahibdir, bu da suyun müqavimət gücünün daha güclü olduğunu göstərir. Buna görə, suda etdiyimiz hər hansı bir hərəkət açıq havada etdiyimizdən daha effektlidir. 1 saat suda yeriməklə normaldan 2 qat daha çox kalori yandırmış olursunuz. Suyun bu xüsusiyyətinə görə, yaralanan idmançılar və ortopedik problemi olan şəxslər suda fiziki terapiya ilə məşğul olurlar.
Aqua aerobika ürək – qan damar xəstəliklərinin qarşısını alır və infarkt riskini azaldır.
Aqua aerobika, həmçinin, hamilələr üçün də əla bir idman növü hesab olunur. Bu idmanla məşğul olan qadınların doğum ağrılarının daha az olduğu müşahidə edilir.
Aqua aerobikanı əyləncəli edən əsas tərəf isə qrup şəklində olmasıdır. Qrup halında keçirəcəyiniz zaman, tək edəcəyiniz idmandan daha əyləncəli və yadda qalan olur. İdman etməyə həvəsiniz olmasa belə, qrup yoldaşlarınız sizi motivasiya edə bilər.